UEFA Avropa Liqasının 1/16 finalında ilk oyunlar keçirilib.

“Qarabağ” Portuqaliyada “Braqa”nın qonağı olub. Görüş komandamız üçün yaxşı başlayıb. 21-ci dəqiqədə futbolçularımız penalti yerinə yetirmək hüququ qazanıblar. Marko Yankoviç fürsəti qaçırmayıb. Amma fasiləyədək hesab bərabərləşib. 44-cü dəqiqədə yerinə yetirilən küncdən zərbədən sonra “Qarabağ”ın qapıçısı Andrey Lunyov çıxışda inamsız təsir bağışlayıb. Simon Banza cəld tərpənərək tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabilə yekunlaşıb. Fasilədən sonra komandamız güclü hücumlar təşkil edərək rəqibi 3 dəfə cəzalandırıb. 54-cü dəqiqədə Abdullah Zubir Ağdam klubunu yenidən önə çıxarıb. 65-ci dəqiqədə isə Zubirin ötürməsindən sonra Juninyo dəqiq zərbəylə hesabı 3:1-ə çatdırıb. “Köhlən atlar”ın vurduğu hər 2 qol VAR-a baxılandan sonra təsdiqlənib. “Qarabağ” inamlı çıxışını davam etdirərək 69-cu dəqiqədə 4-cü qolu vurub. Toral Bayramovum ötürməsini lazımınca qiymətləndirən Abdullah Zubir dubl edib. Sona yaxın bu dəfə “Braqa” futbolçuları penalti yerinə yetirmək hüququ qazanıblar. Mateus Silva cərimə meydançasında Rojer Fernandeşə qarşı kobudluq edib.  37 yaşlı Joau Moutinyu penaltidən faydalanıb. Final fitinə saniyələr qalmış Nəriman Axundzadə 5-ci qolu vurmaq üçün əlverişli imkan qazansa da, topu rəqib qapısına vura bilməyib. Beləliklə “Qarabağ” tarixində ilk dəfə çıxış etdiyi Avropa liqası pley-ofununun ilk oyununda səfərdə “Braqa”nı 4:2 hesabilə məğlubiyyətə uğradıb.